05/12/2020
Tarixi dönüş
27 Sentyabr 2020-ci il. Həyat həmişə olduğu kimi, yenə də öz axarı ilə davam edir. Bu səhəri də yüksək əhval-ruhiyyə ilə açdıq, amma bu dəfə ürəyimdə tamam fərqli hisslər var idi. Beynimdə əvvəlkindən daha fərqli olan nə isə fikirlər dolaşırdı. Bir müddət- tam dəqiq olaraq desəm, o xəbəri eşidənə qədər belə davam etdi. Yalnız həmin xəbərdən sonra saatlarla keçirdiyim o hisslərin səbəbini anladım. Həmin o xəbər ki, xalqımızın(Dünya Azərbaycanlılarının), ölkəmizin tarixinə qızıl hərflərlə yazılmasına səbəb oldu. Məhz 27 sentyabrda başladı tarixi dönüşümüz. 10 noyabr gününədək davam edən müharibə sonda mənfur düşmənin diz çökməsi və vətənpərvər ordumuzun tarixi zəfəri ilə başa çatdı. 44 gün davam edən və yaddaşımıza qızıl hərflərlə yazılan bu müharibə İkinci Vətən müharibəsi, İkinci Qarabağ müharibəsi kimi də adlandırılır. Sentyabr ayının 27-si gecə saatlarında düşmənin növbəti təxribatına qarşı cavab olaraq müzəffər ordumuz tərəfindən əks-həmlə hücumu başlamış və nəticədə saat 07:36-dan etibarən torpaqlarımız işğaldan azad edilməyə başlanmışdır. Bu qələbə neçə-neçə şəhidlərimizin canı bahasına əldə edilmişdir. Həmin o şəhidlər ki, dövlətimizin zəfər çalması, ərazi bütövlüyümüzün bərpa edilməsi naminə canlarını fəda etdilər. Hal-hazırda bütün dünya Azərbaycanı qalib ölkə kimi tanıyır. Qəhrəman oğullarımızın könüllü şəkildə cəbhəyə yollanması, analarımızın xeyir-dua verərək öz övladlarını ön cəbhəyə yolla salması, əsgərlərimizin yüksək şücaət göstərməsi, yaralı yoldaşlarını çiyinlərinə alaraq vuruşa-vuruşa hündür qayalıqlara dırmaşması, yaralansalar belə mübarizəni sona qədər aparması, mühasirəyə düşən əsgərlərimizin sonda özü ilə bərabər onlarla düşmən hərbiçisini də partlatması, döyüş yoldaşları ölməsin deyə özünü güllənin qarşısına verən hərbçilərimizin şücaəti və nəticədə möhtəşəm zəfər çalması, düşməni təslim etməsi vətənimizi dünyada modern müharibə aparmış və qalib gəlmiş bir ölkə kimi tanıtdı. Təkcə 9 noyabr tarixinə qədər 5 şəhər, 4 qəsəbə və 286 kənd hərbi yolla düşmən tapdağından qurtarıldı və bu bəzi Avropa ölkələrinin Dağlıq Qarabağ məsələsinin hərbi yolla həll edilməsinin mümkünsüzlyü söhbətinidə yernən bir etdi. Azərbaycan ordusunun gücünü görən düşmən ordusu belə açıq-aşkar acı məğlubiyyətini etiraf etməli oldu. Dünya hərb tarixində ənənəvi müharibə zəncirini qıran Şuşa əməliyyatı zamanı qısa müddət ərzində, hətta yüksək hərbi gücə malik inkişaf etmiş ölkələr belə Azərbaycanın, xüsusilə mürəkkəb relyef quruluşuna malik Şuşa şəhərinin azad edilməsini düşünmürdülər, ona görə ki, ermənilərin etiraf etdikləri kimi Şuşanın qorunması üçün nə lazımdısa edilmişdi. Azərbaycanın rəşadətli əsgərləri isə bu mülahizələri, planları, sadəcə məhv etdi. Azərbaycan tarixinin, Ədəbiyyatının beşiyi hesab olunan Şuşa şəhərinin azad edilməsi Müharibənin taleyinin əsaslı şəkildə həll edilməsi demək idi. Və belə də oldu Şuşanın azad edilməsindən 24 saat keçməmiş işğalçı ordu təslim olduğunu etiraf etdi, eyni zamanda bununla düşmən ordusunun yaydığı saxta miflərdə alt-üst oldu. Bu gün hər bir Azərbaycanlını öz doğma yurdu ilə bir nəfəs belə ayırmır, hər bir Azərbaycanlı öz yurdunun qoxusunu alır, yurdunun havasına hopur. Bundan sonra isə bizi qarşıda digər vəzifələr gözdüyür ki, bunlar erməni vandalizminə məruz qalmış ərazilərimizin əsaslı şəkildə bərpa edilməsidir. Sonda isə məğrurluqla deyə bilərəm ki, qələbə Azərbaycanımıza yaraşır, çünki bizim qələbə ilahi qələbədir və bu qələbəmizi ilahi edən isə haqq-ədalət uğrunda mübarizə aparmağımızdır. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!
Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation
Gənclərin İnkişaf və Karyera Mərkəzi
Azərbaycan Könüllü Təşkilatları İttifaqı