01/11/2022
Moskvada, İSP nəşriyyatında Azərbaycan yazıçıları Varisin və Əlibala Məhərrəmzadənin “A.M.İ.N.” adlı romanları işıq üzü görüb. Kitab nəşriyyat hesabına, Rusiyada çox bəyənilən “Müasir Proza Kolleksiyası” seriyasından, günümüz üçün kifayət qədər sanballı tirajla – 5000 nüsxədə çap olunub.
Roman alpinistlərin dağ zirvəsinə yüksəlməsi fonunda Qarabağ müharibəsinin gizlinlərindən danışır, o gizlinlərdən ki, MDB məkanının oxucuları əksərən onlardan xəbərsizdir. Seriyanın tərtibçisi Oksana Kovalevskyaya, nəşrin məsul redaktoru Yekaterina Şinkarenkodur.
Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun əziz xatirəsinə ithaf edilən bu roman hazırda Rusiyanın kitab mağazalarında, habelə nüfuzlu LitRes elektron kitab platforması başda olmaqla əksər platformalarda satışdadır.
Azərbaycanlı oxucular üçün də xoş töhfə var. Cari ilin sonunadək roman “Azərkitab” nəşr evində Azərbaycan dilində Akademik Nizami Cəfərovun “Katarsis” adlı “Ön söz”ü ilə işıq üzü görəcək.
Akademik “Ön söz”ünə belə başlayıb: “Varislə Əlibala Məhərrəmzadənin birgə yaradıcılıq axtarışlarının son dərəcə uğurlu məhsulu olan “A.M.İ.N.” romanı zəmanəmiz üçün olduqca aktual problemlərə nüfuz etməklə yanaşı, zəngin həyat hadisələrini eyni bir məcraya gətirərək onlara məhz arxaik (və əbədi!) mənəvi-əxlaqi prinsiplər əsasında geniş şərh vermək cəhdləri ilə böyük maraq doğurur. Roman həm birnəfəsə oxunur, həm də elə ilk oxunuşdan oxucunun bütün varlığına hakim kəsilmək iqtidarında olan güclü bədii-estetik aura yaradır ki, bunu təsvir edilən hadisələrin gur işıq altında verilməsi, xarakterlərin təqdiminin istər mənfi, istərsə də müsbət “poza”lardakı sadəlövhlüyə varacaq qədər səmimiliyi, təhkiyənin nağıl-dastan plastikası kontekstində yeri gəldikcə baş qaldıran, ümumi ideyanın açılmasına təkan verən psixoloji dramatizmi şərtləndirir.”
“Ön söz”ün sonluğunu da diqqətinizə çatdırırıq: “...Və şübhə etmirəm ki, istedadlı qələm adamlarımızın bu birgə yaradıcılıq uğuru yalnız vətəndə deyil, onun hüdudlarından uzaqlarda da məmnunluqla qarşılanacaqdır”.
Hörmətli akademikimiz təbii ki, yanılmayıb. Romanın öncə vətəndə deyil, onun hüdudlarından kənarda – özü də ən çox ehtiyac duyulan coğrafiyada çap olunması əlbəttə ki, əsl uğurdur.